Dağ başında qar üstünə qar gələr,
Gileylənmək zirvələrə ar gələr,
Hər nə geysəm, vücuduma dar gələr,
Bu darlığa dözmək olmur, əzizim…
Əzəl gündən dünya yalan dünyadır,
Baha satan, ucuz alan dünyadır,
Arzuları nakam qalan dünyadır,
Dağılanı düzmək olmur əzizim…
Heç bilməzdim, daşım belə ağırdır,
Bəxtim belə biçarədi, fağırdır,
Gedəcəyəm, göylər məni çağırdı!..
Daha yerdə gəzmək olmur, əzizim!..
Kaş ki, dünya zalımlığın ataydı,
Qəlbim bir an istəyinə çataydı!..
Yaşamağım göz yaşıdır, haraydır!..
Göz yaşında üzmək olmur, əzizim!..
Dalğalara yalvarmaqdan bezmişəm,
Hönkürməkdən, ağlamaqdan bezmişəm,
Səndən ayrı yaşamaqdan bezmişəm,
El-obadan bezmək olmur, əzizim!..